23 dekabr 2024-cü il tarixində Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində görkəmli heykəltəraş, Azərbaycan SSR Xalq Rəssamı Mirələsgər Mirqasımovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları arasında tanınmış incəsənət xadimləri, akademiyanın rəhbər, tələbə-müəllim heyəti yer alıb. Tədbirin açılışını Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev edib. Çıxışında rektor Mirələsgər Mirqasımovun milli heykəltəraşlıq sənətinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Rektor onun müəllifi olduğu məşhur monumental əsərlərini sadalayaraq, bu heykəllərin milli mədəniyyətin qızıl irsi olduğunu vurğulayıb. Həmçinin Mirqasımovun pedaqoji fəaliyyətindən danışaraq onun yetişdirdiyi tələbələrin Azərbaycan incəsənətindəki yerini qeyd edib. Azərbaycan Rəssamlıq Akademiyasının elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev öz növbəsində çıxış edərək Mirqasımovun yaradıcılığını Azərbaycan heykəltəraşlıq sənətinin «qızıl fondu» kimi qiymətləndirib. Prorektor onun sənətkarlığından əlavə insani keyfiyyətlərini də vurğulayıb və heykəltəraşın milli mədəniyyətin formalaşmasındakı əvəzsiz roluna diqqət çəkib. Görkəmli heykəltəraşın qardaşı, Azərbaycanın Xalq artisti, kinorejissor Oqtay Mirqasımov tədbirdə çıxış edərək ailə xatirələrini bölüşüb. O, qardaşını yalnız bir ailə üzvü kimi deyil, həm də müəllimi kimi gördüyünü bildirib. Həmçinin, belə bir yubiley tədbirinin təşkilinə görə Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Muzey-Sərgi Kompleksinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Lalə Eldarova Mirələsgər Mirqasımovun heykəltəraşlıq sənətindəki texniki ustalığından və onun əsərlərindəki təbii detallardan danışıb. Onun yaradıcılığında vətənpərvərlik hisslərinin xüsusi yer tutduğunu vurğuladı. ADMİU-nun baş müəllimi Cavid Əliyev görkəmli heykəltəraşın əsərlərindən biri olan Cəfər Cabbarlının heykəlinin yaradılma tarixindən bəhs edib. O, həmçinin Ulu Öndər Heydər Əliyevin bu heykəlin ərsəyə gəlməsində göstərdiyi dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb. Heykəltəraşın əsərlərinin hazırlanması prosesində yaxından iştirak etmiş Nəriman Tağıyev də çıxış edərək Mirqasımovun yaradıcılıq prosesinə dair xatirələrini bölüşüb. O, həmçinin heykəltəraşın yaradıcılıq duyğularını şeir vasitəsilə vəsf edib və onun sənətinə olan dərin heyranlığını ifadə edib. Tədbir Mirələsgər Mirqasımovun zəngin yaradıcılıq irsini və həyat yolunu əks etdirən xüsusi videoçarxın nümayişi ilə başa çatıb.







Comments are closed