07 may 2025-ci il tarixində Azərbaycan Rəssamlıq Akademiyasının Muzey–Sərgi Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev irsi: Dövlətçilik, Suverenlik” adlı sərgi və elmi konfrans keçirildi. Tədbir Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, suverenlik ideyalarının və milli mədəniyyətə verdiyi töhfələrin bir daha xatırlanması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyırdı.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açaraq qeyd etdi ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də milli mədəniyyətin böyük himayəçisi, incəsənətin inkişafına şərait yaradan, sənət adamlarına dəyər verən böyük şəxsiyyət idi. Rektor həmçinin vurğuladı ki, Ulu Öndərin mədəniyyətə olan diqqəti, sənətə verdiyi dəstək bu gün də öz aktuallığını qoruyur və gənc nəsil üçün örnəkdir.Daha sonra elmi konfrans çərçivəsində bir sıra məruzələr təqdim olundu. “İncəsənət tarixi” kafedrasının dosenti, s.ü.f.d. Aygül Hüseynova “Heydər Əliyev və mədəniyyət” mövzusunda çıxış edərək bildirdi ki, Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasında və incəsənət mühitinin formalaşmasında mühüm rol oynamışdır. O, qeyd etdi ki, Heydər Əliyevin incəsənətin inkişafını dövlətin prioritet istiqamətlərindən biri hesab edirdi.Daha sonra tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Bəhmən Kərimov “Konstitutsiya quruluşunun və suverenliyin tam təmin edilməsi tarixi nailiyyətdir” mövzusunda çıxış etdi. O qeyd etdi ki, Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın konstitusiya quruluşu möhkəmləndirilmiş, milli suverenlik tam şəkildə təmin edilmişdir. Bu, ölkəmizin siyasi tarixində dönüş nöqtəsi olmuşdur.“İncəsənət tarixi” kafedrasının dosenti, s.ü.f.d., YAP-ın üzvü Həşim Paşayev “Azərbaycan təsviri sənətinin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu” mövzusunda çıxış edərək vurğuladı ki, ,Ümummilli Lider sənətkarlara daim xüsusi diqqət göstərmiş, onların yaradıcılığına dəyər vermişdir. Onun təşəbbüsü ilə reallaşan layihələr nəticəsində təsviri sənət daha geniş imkanlar və ifadə vasitələri qazanmış, bu sahədə yeni dövr başlanmışdır. “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üzrə I kurs magistrantı Əli Həsənov çıxışında qeyd etdi ki, Azərbaycan heykəltəraşlığında Heydər Əliyev obrazı yalnız siyasi liderin portreti kimi deyil, həm də xalqın mənəvi iradəsinin, milli birliyinin və dövlətçilik ideyasının bədii təcəssümü kimi təqdim olunur.Çxışların sonunda Ulu Öndər Heydər Əliyevin milli – mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətlərinə həsr olunmuş video-çarx nümayiş olundu.Daha sonra sərgi açıq elan edildi. Qeyd edək ki, Sərgidə nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Ekspozisiyada təqdim olunan 91 müəllifin 100 əsəri nümayiş olunur.Sərgi 16 may 2025-ci il tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey–Sərgi Kompleksində davam edəcəkdir.

Tags

Comments are closed