“Bədii toxuculuq və xalça sənəti”kafedrası.
1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tərkibində ilk dəfə olaraq Rəssamlıq məktəbinin və “Dekorativ Tətbiqi Sənət” Fakültəsinin açılması, Respublikanın mədəni həyatında mühüm rol oynadı. “Sənaye qrafikası”, “Şüşə və plastik kütlə”, “Parça və parça məmulatlarının (tekstil) bədii tərtibatı” başlanğıc mərhələdə tədris olunan ixtisaslar idi. Sonradan “Parça məmulatları” ixtsası ilə yanaşı Lətif Kərimov tərəfindən xalça sənətinin geniş şəkildə tədrisi Azərbaycanda qədim xalq sənətinin yenidən dirçəlməsində mühüm rol oynadı. “Şüşə və plastik kütlə” ixtisası isə “Keramika” ixtisası ilə əvəz edilir. Bu illərdə artıq hər bir ixtisas üzrə professional səviyyəli gənc kadrların yetişməsinə şərait yaranır. Bu ixtisaslarla bərabər 90-cı illərdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Təsviri sənət”, “Sənətşünaslıq” fakültələri və müxtəlif sahələr üzrə yeni-yeni kafedralar fəaliyyət göstərir. 1993-1994-cü illərdə “Dekorativ Tətbiqi Sənət” fakültəsinin tərkibində “Bədii toxuculuq” ixtisasının əsasını qoyan əməkdar rəssam, görkəmli pedaqoq professor Ədhəm Süleyman oğlu Yusubovun fəaliyyəti bu ixtisasın qısa bir müddətdə genişlənməsinə səbəb oldu. Bu prosesin inkişafı xüsusilə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərancamı ilə yaranmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında daha da qabarıq şəkildə özünü biruzə verir. Dekorativ Tətbiqi Sənətdə “Bədii toxuculuq və xalça sənəti” kafedrası hər iki ixtisasda Bakalavr və Magistratura pilləsi üzrə yüksək səviyyəli kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirir. Təhsil pilləsində elmi və sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislər hazırlanır. Elmi pedaqoji potensialı yüksəltmək məqsədi ilə akademiyada “Təsviri və Dekorativ tətbiqi sənətlər” (17.00.04.) “İncəsənət nəzəriyyəsi və tarixi” (17.00.04.) ixtisasları üzrə dissertantura, aspirantura, assisentura yolu ilə kadrlar hazırlanır. Tələbələrin sənətin sirlərinə uğurla yiyələnməsinə yardımçı ola biləcək maddi–texniki baza vardır. Müxtəlif emalatxanalar, kitabxana, muzey və sərgi salonu tələbələrin təhsil prosesinin müasir tələblər səviyyəsində qurulmasına kömək edir. Bütün bunlar isə ölkəmiz üçün layiqli kadrlar hazırlanmasına zəmin yaradır. Professor-müəllim heyətinin arasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan görkəmli sənətkarlar və təcrübəli sənətşünas alimlər vardır. “Bədii toxuculuq və xalça sənəti” kafedrasında 3 professor, 3 dossent, 5 baş müəllim, 2 müəllim, 2 emalatxana ustası, 2 laborant fəaliyyət göstərir.
“Bədii toxuculuq və xalça sənəti”
Kafedrasının müdiri: Ə.S. Yusubov