Doktorantura və dissertanturaya qəbul qaydaları
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) hər ilin iyun ayında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Fəlsəfə və ixtisas fənnindən imtahanlar sentyabr ayında həyata keçirilir.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
— elmi müəssisənin rəhbərinin adına ərizə;
— kadrların şəxsi-qeydiyyat vərəqi;
— tərcümeyi-hal;
— 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
— iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
— iş yerindən xasiyyətnamə;
— çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
— ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
— xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
— şəxsiyyəti təsdiq edən sənədin surəti.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə doktorantura ya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq hüququna fəlsəfə doktoru elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdir.
Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
— ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
— kadrların şəxsi-qeydiyyat vərəqi;
— tərcümeyi-hal;
— 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
— iş yerindən xasiyyətnamə;
— əmək kitabçasından çıxarış;
— çap olunmuş elmi işlərin siyahısı, seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
— fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
— ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
— şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə olaraq qeyd edək ki, sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsiylə elektron olaraq həyata keçirilir.
Əlavə məlumat üçün Azərbaycan Rəssamlıq Akademiyasının “Elm şöbəsi”nə müraciət etmək olar.
Tel.: (+994 12) 567 91 83