Muzey-Sərgi Kompleksi
Muzey-Sərgi Kompleksi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yarandığı gündən onun nəznində təhsil prosesinin ayrılmaz bir hissəsi kimi fəaliyyət göstərmişdir. Muzey öz sərgi zallarnı mükəmməl, istedadlı, yüksəksəviyyəli incəsənət əsərlərinin ekspozisiyasını təqdim etməklə, Akademiyanın müəllim və tələbələrinin ustalığını nümayiş etdirir və eyni zamnada tədris metodikasının təhlili, əldə edilmiş nailiyyətlərin dərk edilməsi və peşəkarlıq səviyyəsinin inkişafı üçün münbit şərait yaradır. Muzey-tələbələrdə bədii təfəkkürün inkişafına və yaradıcı şəxsiyyətin formalaşmasına yönələn elmi-metodik bir bazadır. Ənənələri qoruyub saxlamaqla yanaşı, Rəssamlıq Akademiyasında yaranan mükəmməl sənət əsərləri elmi axtarış və yeniliklərə təkan verir. Klassik akademik təhsilin əsaslarına yönələn prinsipial ciddi yanaşma tələbləri estetik zövq və material ilə işləmək üsulları sahəsində dərin biliklərlə təmin edir, bu da fərdi üslubun yaradılması prosesində keçirilən təcrübələrin əsasını təşkil edir. Yuxarı kurs tələbələrinə yeniliklərin tətbiqi üçün geniş imkanlar yaradılmışdır. Bir — biri ilə təzad yaratmadan, bu amillər Akademiyanın sərgi salonlarında peşəkarlıq və yaradıcılıq sərbəstliyinin möhtəşəm nəticələrini nümayiş etdirir. Hər il muzeydə diplom və ya magistr işlərinin açıq müdafiəsi, Akademiyanın Tələbə və müəllimlərinin fərdi, qrup və tematik sərgiləri keçirilir. Müasir Azərbaycan və dünya incəsənətinin görkəmli xadimlərinin sərgiləri yaradıcı gənclər üçün əsl sənət məktəbi olmuşdur. Belə ki, 2008-ci ilin dekabr ayında burada zəmanəmizin məşhur rəssam və qrafika ustalarının — Xalq rəssamı, akademik Tahir Salahovun, və Xalq rəssamı professor Yusif Hüseynovun yubileyləri təntənəli surətdə qeyd olunmuşdur. Tələbələrin sənət sahələrini genişləndirmək məqsədilə, Rəssamlıq Akademiyası xarici ölkələrin incəsənət və memarlıq akademiyaları və institutları ilə sıx əməkdaşlıq edir, müəllim və tələbələrin xarici ölkələrdə sərgilərini təşkil edir, onları ixtisas üzrə təcrübə keçməyə göndərir və simpoziumlarda iştirakını təmin edir. Bundan başqa tanınmış xarici incəsənət xadimlərinin sərgi və ustad dərslərinin Azərbaycan Rəssamlıq Akademiyasında keçirilməsi xoş bir ənənəyə çevrilmişdir. Beynəlxalq Əlaqələr şöbəsinin təşəbbüsü və xarici nümayəndəliklərin dəstəyi sayəsində, Akademiyanın sərgi zallarında 35 xarici sərgi keçirilmişdir. O cümlədən, Britaniya Şurasının (British Council) incəsənət əsərləri kolleksiyasının müasir Britaniya qrafika işlərindən ibarət vernisaj, Berlin incəsənət xadimləri cəmiyyətinin və görkəmli alman qrafik rəssamları Büşer, Pras, Yurgen və Yan Perkoterin, eləcədə türk avanqard rəsminin yeni dalğasının nümayəndələrinin qrup sərgiləri təşkil edilmişdir. Müasir Qərb incəsənətinin dahilərindən biri hesab edilən Günter Yukerin, məşhur Avstriya qrafik rəssamı Diter Yezefin, Berlin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru İnqa Şmitin fərdi sərgiləri geniş ictimaiyyət və mütəxəssislər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Muzeydə Almaniya, ABŞ, Türkiyə, İsrail səfirlikləri tərəfindən bir sıra müsabiqələr təşkil edilmişdir. Ən uğurlu əsərlərin müəllifləri üçün Almaniya və Türkiyədə ixtisas üzrə təcrübə keçmək və ekspozisiyalarını nümayiş etdirmək imkanı yaranmışdır. 2012-ci ildə Rəssamlıq Akademiyasının Muzeyi, Muzey-sərgi kompleksi öz nüfuzunu qaldıraraq, fəaliyyət dairəsini xeyli genişləndirmişdir. Kompleksin nəznində abituriyent, kiçik və orta yaşlı uşaqlar və ümumiyyətlə yaşından və professioanl hazırlığından asılı olmayaraq, təsviri və tətbiqi sənətin əsasları ilə tanış olmaq arzusunda olan hər bir kəs üçün hazırlıq kursları açılmışdır. Muzey- sərgi kompleksinin kompyuter kursları təsviri sənət, memarlıq və dizayn sahələrini ən müasir texniki avadanlıqla təmin edir. Muzey-sərgi kompleksi fəaliyyət dairəsini genişləndirmək məqəsdilə virtual-bələdçi, mühazirə zalı, internet klubu, sənət emalatxanaları, müasir texnologiyalı layihə- istehsalat laboratoriyaları yaratmağı, incəsənət və memarlıq yay məktəbi açmağı planlaşdırır. Hazırda muzeydə sərgilənən vernisaj ənənəvi və müasir təsviri sənət və memarlıq nümunələrinin, demək olar ki, bütün növlərini təmsil edən 800- ə yaxın eksponatı özündə cəmləşdirir. Ekspozisiya sərgi zallarından kənara çıxaraq, Rəssamlıq Akademiyasının bütün interyerini əhatə edir. Uşaq və gənclərlə aparılan işlərlə yanaşı, Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağı da əsas istiqamətlərdən biri hesab edir. Muzey təmannasız olaraq sərgi salonlarını əlil uşaqlara təqdim etməklə, ekspozisiya, ustad dərsləri və digər tədbirlərin keçirilməsi üçün imkan yaradır. Bundan əlavə Muzey xeyriyyə satış-sərgiləri təşkil edərək, əldə edilən gəliri yaradıcılıq fəaliyyətinə cəlb olunan əlil uşaqlar cəmiyyətlərini məqsədyönlü şəkildə dəstəkləməyi planaşdırır.