Səlhab İsa oğlu Məmmədov
Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur. Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.
Mükafatları
«Azərbaycan SSR əməkdar incəsənət xadimi» fəxri adı — 7 may 1988
«Azərbaycan Respublikasının xalq rəssamı» fəxri adı — 29 dekabr 2006
«Düşüncələrimiz və istəklərimiz» 2017 bürünc, Cenevrə, İsveçrə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 17 iyun 2008
“Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü” — 2009
Təsviri sənət sahəsində 2011-ci ilin ən yaxşı işi nominasiyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomu — 2012
Azərbaycan və Polşa arasında dostluq abidəsi. Gnezno, Polşa «Şöhrət» ordeni — 19 dekabr 2012
«Şərəf» ordeni — 28 dekabr 2017
Seçilmiş əsərlərin və sərgilərin siyahısı
• 2017 — Düşüncələr və arzular, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasının 25 illiyi münasibətilə hədiyyə edilmişdir, Cenevrə, İsveçrə
• 2016 — Xurşidbanu Natəvanın heykəli, ağ mərmər, Evian, Fransa
• 2016 — Məhsəti Gəncəvinin heykəli, ağ mərmər, Konyak, Fransa
• 2014 — Çiçəklənmə, bürünc, Avropa Şurası, Strasburq, Fransa
• 2012 — Roma şəhərinin mərkəzində Villa Borgeze parkında Nizami Gəncəvinin heykəli, travertin, tunc, qranit ( Əli İbadullayevlə birgə)
• 2012 — Polşanın qədim paytaxtı Gnezdo şəhərində Azərbaycan-Polşa arasındakı dostluq münasibətlərinə həsr olunmuş, üzərində Ulu öndər Heydər Əliyevin və Roma Papası II İohann Pavelin sözləri əks olunmuş monumenti qoyulmuşdur ( Əli İbadullayevlə birgə)
• 2011 — Berlin şəhərində ucaldılmış Xocalı faciəsinə həsr olunmuş «Xocalı» memorial abidə, tunc (Ə.İbadullayev, A.Əsgərov, İ.Ehrari ilə birgə)
• 2011 — «Marriott-Abşeron» mehmanxanasının girişi önündə və eyvanında ucaldılan 3 «Alov» kompozisiyası, bürünc ( Əli İbadullayevlə birgə)
• 2010 — Budapeşt şəhərində Macarıstanın tanınmış ictimai xadimi Podmanitski Friqyesrölə həsr olunmuş xatirə lövhəsi (A.Əsgərovla birgə)
• 2010 — Nizami kinoteatrı üçün 4 «Dərviş maskaları» kompozisiyası, latun, boz qranit ( Əli İbadullayevlə birgə)
• 2009 — Fərman Salmanovun heykəli, tunc, Xantı-Mansiysk şəhəri, Rusiya (Ə.İbadullayev, C.Qadirovla birgə)
• 2008 — Xırdalan şəhərində Böyük Vətən müharibəsinin qəhrəmanı Mehdi Hüseynzadənin heykəli, bürünc, qranit (A.Əsgərovla birgə)
• 2008 — Milli Məclisin binasının dəhlizində qoyulmuş Ümummilli lider Heydər Əliyevin abidəsi, qranit (A.Əsgərovla birgə)
• 2008 — «Muğam» teatrının qarşısında muğam mövzusunda 7 kompozisiya: «Cahargah», «Şüştər», «Şur», «Humayun», «Bayatı-şıraz», «Rast», «Seygah», latun, Bakı (Əli İbadullayevla birgə)
• 2008 — Azərbaycanın tarixi abidələri, qobelen, Ali Məhkəmənin binası, Bakı, (Ə. Yusubovla birgə)
• 2007 — Misirin paytaxtı Qahirə şəhərində Ümummilli lider Heydər Əliyevin heykəli, bürünc, qranit (Akif Əsgərov, Natiq Əliyevlə birgə)
• 2007 — Xırdalan şəhərində Əliağa Vahidin heykəli, bürünc, qranit (Akif Əsgərovla birgə)
• 2006 — Xırdalan şəhərində Ümummilli lider Heydər Əliyevin parkında Heydər Əliyevin heykəli, bürünc, qranit (A.Əsgərov, Ə.İbadullayev ilə birgə)
• 2005 — Şamaxı şəhərində Ümummilli lider Heydər Əliyevin heykəli, bürünc, qranit, (A.Əsgərovla birgə)
• 2004 — «Tarazlıq» kompozisiyası, vitraj, Konsitusiya məhkəməsinin foyesi, Bakı
• 1998 — «Azərbaycan tarixi» metal, mis, qravirovka, döymə, mina, 70×70 sm. Azərbaycan Respublikası adından Moskvanın meriyasına hədiyyə
• 1997 — Beynəlxalq sərgi, Böyük şəhər bələdiyyəsi, İstanbul
• — Respublika təsviri sənət sərgisi, Bakı
• 1996 — Nizami Gəncəvinin «Xəmsə» toplusuna həsr olunmuş 16 keramik relyef kompozisiyası ilin ən yaxşı əsəri nominasiyasında «Humay» mükafatına layiq görülüb
• 1995 — «Bakı motivləri» 6 vitraj, rəngli şüşə, mis, ağac, 350×180 sm, Hyatt Regency Hotel, Bakı
• 1990 — «Mənim Azərbaycanım» 6 kompozisiya, mis, oyma, döymə, Düsseldorf, Almaniya
• 1984 — Oslo şəhərində keçirilən sərginin baş rəssamı, Norveç
• 1980–1982 illərdə Azərbaycan Tarix muzeyində yeni bədii ekspozisiyanın tərtibatı. Bir neçə tarixi mövzuda pannoların müəllifi və ekspozisiya tərtibatın baş rəssamı E.Əhmədov və A.Mehdiyevlə birgə
• 1980 — N.Gəncəvinin 840 illik yubileyi ilə bağlı tərtibatlar və bədii ekspozisiya tərtibatının baş rəssamı, Moskva İttifaqlar Evinin Sütunlu salonu
• 1971 — «Qobustan nağılları» 16 kompozisiya, döymə, mis, latun
• 1971 — «Azərbaycan» dekorativ kompozisiya, mis, oyma, mina, Y.Qaqarin adına park, Moskva (E.Əhmədov və A.Mehdiyevlə birgə)
• 1971 — «Birgə ailədə» ÜİXTNS-nin Azərbaycan pavilyonu, Moskva
• 1971 — Beynəlxalq sərgilərin tərtibatlarında baş rəssam, Riqa, Tokio, İzmir, Tallin
• 1969 — «Bakıya xoş gəlmişsiniz», dekorativ keramik panno, 4×6 m, «İnturist» binasının fasadı (E.Əhmədovla birgə)