QEYDİYYAT-MONİTORİNQ VƏ MƏZUN MƏRKƏZİ

Mərkəz  öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-cü il tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnamə”sinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 248 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və digər hüquqi-normativ sənədlərinə  əsaslanır.

 Azərbaycan Dövlət Rəssamliq Akademiyasının “Qeydiyyat-monitorinq və Məzun Mərkəzi”nin vəzifəsi  təhsil sisteminin monitorinqini  təhsil keyfiyyətinə nəzarəti təmin edən və ali  təhsilin iki pilləli strukturunda bakalavr, magistrların istehsalat, ixtisas, elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrini təşkil etməkdir. Bundan əlavə tələbə, magistrant və məzunların karyera inkişafında və məşğulluğunda yardım göstərir. Şöbə tələbə nailiyyətlərinin monitorinqindən alınan məlumatlar vasitəsilə ali məktəbin fəaliyyətinin hazırkı vəziyyətini sistemli və obyektiv şəkildə proqnozlaşdırmağın mümkünlüyünü təsdiqləyir. Təhsildə monitorinq və qiymətləndirmənin ən böyük fərqi ondan ibarətdir ki, monitorinqin nəticələrindən proses davam edərkən prosesin səmərəliliyində, müəyyən düzəlişlərin edilməsində istifadə etmək mümkündür. Belə ki, monitorinq fəaliyyətin hazırkı vəziyyətini (status) müəyyən edir. Qiymətləndirmə isə fəaliyyətin təsirini (impact) müəyyənləşdirdiyi üçün monitorinq məqsədilə onun nəticələrindən yalnız növbəti tədris illərində və ya növbəti qiymətləndirmə proqramının həyata keçirilməsi zamanı istifadə edir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və magistrantların peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının, bilik və bacarıqlarının artırılmasını, habelə bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsini təmin edir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən ADRA-nın struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektor, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Akademiyanın məzunları üçün Məzun Mərkəzi olaraq başlıca vəzifəmiz tələbələrimizi peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək olmaq, işə götürənlərlə sıx əməkdaşlıqlar qurmaq və məzunlarımızla sağlam əlaqələri daim qorumaqdır. Məzun Mərkəzinin məqsədlərinin tam mərkəzində məhz gənclər dayanır. Bizim inkişafımızın mərkəzində də məhz gənclər dayanır. Gənclərin azərbaycançılıq və dövlətçilik prinsiplərinə uyğun hərtərəfli inkişafını təmin etmək; gənclərin karyera və peşə seçimlərini dəstəkləmək, onları peşəkar həyata hazırlamaq; Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə vakant olan iş yerləri haqqında məlumatı mütəmadi şəkildə toplamaq və tələbə, magistrant və məzunlar arasında yayılmasını təmin etmək; gənclərin asudə vaxtını səmərəli keçirmələrinə və sosiallaşmasına şərait yaratmaq; gənc istedadları üzə çıxarmaq başlıca vəzifəmizdir.

         Şöbə müdiri — İslamova Kəmalə Əmir qızı 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin “Ədəbi iş və ekran drammaturgiyası” ixtisası üzrə bakalavr təhsilini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” ixtisası üzrə magistr təhsilini, 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət” ixtisası üzrə doktorantura təhsilini  bitirmişdir.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində makinaçı-katibə kimi əmək fəaliyyətinə başlamışdır. 2001-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Tədris şöbəsi” nin baş metodisti, 2011-2015-ci illərdə Təsviri sənət fakültəsində dekan müavini, 2015-ci ildən “ Qeydiyyat-monitorinq və Məzun Mərkəzi” nin müdiri vəzifəsinə təyin edilmişdir.

      Şöbənin fəaliyyət sahəsinə aid məsələlərlə məşğul olan iki  mütəxəssisi var. Həmin mütəxəssislər rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir, şöbənin fəaliyyət sahəsinə aid məsələlərlə məşğul olur, onların lazımi səviyyədə həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində, müxtəlif hesabatların və sənədlərin hazırlanmasında, konkret məsələlər üzrə tədbirlərdə, valideyinlərin və tələbələrin ərizə, şikayət və təkliflərinə cavab verilməsində iştirak edir, daxil olan sənədlərin qeydiyyatını və icrasını təmin edir, qiymətləndirmə sahəsində aparılan işin səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Qiymətləndirmə məsələlərinə dair təlimati sənədlərin ali təhsil müəssisəsində çatdırılmasını və icrasını təmin edir, zəruri məlumatların toplanması üçün müvafiq tədbirlər həyata keçirir. Müəyyən olunmuş xidməti vəzifələrinə və ixtisas tələblərinə uyğun olaraq verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir, öz peşəkarlıq və intellektual səviyyəsinin yüksəldilməsi qayğısına qalır, kollektivdə sağlam mühitin yaradılması üçün məsuliyyət daşıyır.

Mütəxəssis — Yusifova Fidan Elxan qızı — 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2011-2015-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsini, 2015-2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci ildə Bakı Avrasiya Universitetinin doktorantura pilləsinə daxil olub, 2021-ci ildə bitirmişdir. 2017-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır. Mütəxəssis — Allahverdiyeva Xəyalə Mürşüd qızı — 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ – tətbiqi sənət fakültəsinə daxil olmuş, 2015-2017-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ – tətbiqi sənət fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qeydiyyat-monitorinq və Məzun Mərkəzi” nin mütəxəssisi vəzifəsində çalışır.