Salayev Fuad Məmməd Emin oğlu 

Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor 

Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Rusiya Bədaye Akademiyasının fəxri akademiki, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi və yaradıcılıq işləri üzrə prorektoru Fuad Məmməd-Emin oğlu Salayevin yaradıcılığı Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olaraq müasir heykəltəraşlığımızın maraqlı və özünəməxsus səhifələrindən biridir. Tanınmış sənətkarın əsərləri yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə London, Paris, Avinyon, Nitsa, Milan, Ankara, Tokio və başqa şəhərlərdə nümayiş etdirilmiş və onun müəllifinə, vətəninə şöhrət gətirmişdir.

Tanınmış sənətkara yaratdığı bir çox uğurlu heykəltəraşlıq nümunələrinə görə ölkəmizdə və xarici ölkələrdə yüksək dövlət mükafatları verilmişdir. O, 1975-ci ildə “Azərbaycan Komsomolu” mükafatına, 1976-cı ildə “Zəhmətkeş qadın” və “Analıq” əsərlərinə görə SSRİ Rəssamlıq Akademiyasının diplomuna, 1988-ci ildə “Şair Xətai” heykəlinə görə bürünc medala layiq görülmüşdür. Fuad Salayev yaratdığı dəyərli əsərlərinə görə 1993-cü ildə Tokio şəhərində keçirilən XVII Ümumdünya rəssamlarının sərgisinin İtalyan pavilyonunda nümayiş olunan “Son Cənnət qapısı” adlı əsərinə görə Beynəlxalq diplom almışdır. Heykəltəraşa 1997-ci ildə “Ən yaxşı heykəltəraşlıq işlərinə gorə” Rəssamlar İttifaqının təsis etdiyi “Sultan Məhəmməd” adına mükafat təqdim olunmuşdur. Yaradıcılıq potensialı olduqca böyük olan heykəltəraş 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülmüş, 2009-cu ildə isə Rusiya Bədaye Akademiyasının fəxri akademiki seçilmişdir. Maraqlı kompozisiyalar, mükəmməl plastika əsərləri yaradan heykəltəraş 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Fuad Salayev incə plastik duyuma malik olan və müxtəlif janrlarda müvəffəqiyyətlə çalışan, eyni zamanda yaradıcılığa fəlsəfi fikirlərlə yanaşan sənətkardır. Onun yığcam, ifadəli və aydın vasitələrlə yaratdığı müxtəlif xarakterli obrazların hər biri daxili dinamizmə, həcm-forma nisbətinə, coşğunluğa, psixoloji əhval — ruhiyyəyə malikdir. Sənətkarın dəzgah və monumental heykəltəraşlıq nümunələrində fəlsəfi baxışların yaradıcılığa təsiri yaddaqalan biçimdə bədii həllini tapmışdır. Onun yaradıcılığındakı “Ana və bala”, “Analıq”, “Aktyor”, “Seyr edən”, “Kələfin ucunu axtaranlar”, “Meditasiya”, “Apokalipsis”, “Yüksəliş”, “Qıl körpüsü” özünəməxsusluğu, obraz ifadəliliyi ilə daima diqqəti cəlb edir. Hər bir obrazda formanın, plastikanın, fakturanın bacarıqlı həlli dolğun ifadəsi ilə nəticələnmişdir. 

Milli və eyni zamanda dünya sənətkarlığı ənənələrindən bəhrələnən Fuad Salayev yaradıcılığı Azərbaycan incəsənətinə yaddaqalan töhfələr bəxş etmişdir. Qeyd etməliyik ki, heykəltəraşın yaradıcılığı milli incəsənətimizin həm formaca, həm məzmunca zənginləşməsinə, ümumi inkişafına xeyli xidmət göstərmişdir.