SABAH MƏRKƏZİ
2012-ci ilin oktyabr ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Fondu Məktəbi (Princes School of Traditional ART–PSTA) arasındakı əməkdaşlıq çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılmışdır. Daha sonra isə bu tərəfdaşlığa Azərbaycan Respublikası Təhsil Nazirliyinin (hazırda AR Elm və Təhsil Nazirliyi) qoşulması ilə ölkənin bir sıra qabaqcıl ümumtəhsil məktəblərini əhatə edən innovativ pedaqoji yanaşma və müxtəlif fənlərin mənimsənilməsində yaradıcı düşüncə metodlarının tətbiqinin təşviqi istiqamətində həyata keçirilən xüsusi layihə (Azərbaycan məktəblərində fənlərarası inteqrasiya layihəsi) daha da genişlənmişdir.
Birgə faydalı əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ənənəvi İncəsənət üzrə Şahzadə Fondu Məktəbi (PSTA, Böyük Britaniya), “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasındakı əməkdaşlıq və qarşılıqlı razılaşmaya əsasən 2015-2016-cı tədris ilindən ADRA SABAH qruplarında incəsənət sahəsində müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına qərar verilmişdir. 2015-ci ildən etibarən PSTA(hazırda PFSTA –ADRA əməkdaşlığı çərçivəsində SABAH qrupları layihəsi uğurla davam edir. 2015-2016-cı tədris ilində “Dekorativ sənət” ixtisası, növbəti illərdən başlayaraq isə “Dizayn” ixtisasıının müxtəlif sahələri üzrə yüksək səviyyəli mütəxəssis hazırlığı aparılır.
2018-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ənənəvi İncəsənət üzrə Şahzadə Fondu Məktəbi (PSTA, Böyük Britaniya), Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi arasında SABAH qrupları çərçivəsində birgə Akademik İncəsənət Proqramına dair Anlaşma Memorandumu imzalanmışdır. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin məzunları bu prosesə cəlb olunaraq Ənənəvi İncəsənət üzrə Şahzadə Fondu Məktəbi tərəfindən göndərilən müəllimlərə assistentlik edirlər. Dərslərin daha da səmərəli keçirilməsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış xüsusi beynəlxalq tədris proqramının öyrənilməsində tələbələrə köməklik göstərirlər. Xarici mütəxəssislər tərəfindən tədris prosesi zamanı xüsusi təlimlər keçirilir və müvafiq tədris proqramlarının hazırlanması işinə yerli kadrlar da cəlb olunurlar.
“PFSTA-ADRA SABAH qrupları” layihəsi çərçivəsində tədrisin nəzəri və təcrübi hissəsi həm akademiyada, həm də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində keçirilir. SABAH qruplarında dərs deyən professor-müəllim heyəti seçim yolu ilə müəyyənləşərək pedaqoji fəaliyyət göstərirlər.
SABAH qruplarında təhsil alan tələbələrin yaradıcılıq işləri layihə çərçivəsində müxtəlif yerli və beynəlxalq müsabiqə, festival və sərgilərdə uğurla nümayiş etdirilir.
Hazırda SABAH qruplarında 50-yə yaxın tələbə təhsil alır. Tələbələrin dünyagörüşünün daha da inkişaf etdirilməsi, bilik səviyyəsinin artırılması istiqamətində ADRA-da nümunəvi ustad dərsləri təşkil olunur, müxtəlif mövzularda təlimlər və seminarlar keçirilir. Tələbələr həmçinin kənar təşkilatlar tərəfindən həyata keçirilən layihələrdə də fəal iştirak edərək yaradıcılıq nailiyyətləri qazanırlar.
“SABAH qruplarına tələbələrin seçimi Qaydaları” ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.