Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində yerləşən İncəsənət kollecinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Rəssamlıq Akademiyasının və Incəsənət Kollecinin rəhbər, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.

Çıxış edənlər, tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verərək, 31 il əvvəl — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun, əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə xaincəsinə hücum edərək, şəhərin dinc sakinlərini xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Bu qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla 613 günahsız azərbaycanlının öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin hələ də naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyi, 56 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyi barədə məlumat verilib.

Akademiya və Kollec rəhbərliyi, təhsil ocaqlarının tələbələrinin əsərlərində dinc əhalinin qətliamı, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə əzmi və cəsarətini əks etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunıb.

Tags

Comments are closed