Tədbirdə ADRA-nın rəhbər və müəllim kollektivi iştirak etdi. Tədbir vətən uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev tədbiri giriş sözü ilə açaraq 27 sentyabr — Anım Gününün mahiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qalib Azərbaycan Ordusunun xalqımıza yaşatdığı tarixi qələbədən danışdı. Rektor çıxışı zamanı Silahlı Qüvvələrimizin işğal altında olan hər bir kənd, qəsəbə, şəhər, eləcə də strateji yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda rəşadətlə döyüşərək tarixi nəaliyyətə imza atdıqlarını xüsusi vurğuladı.
Tədbirdə ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov öz növbələrində çıxış edərək Azərbaycan xalqının tarix boyu keçdiyi keşməkeşli sınaqlarından bəhs etdilər. Qürurverici hal kimi qeyd olundu ki, bu gün ADRA-da Vətən Müharibəsinin iştirakçıları təhsil alır. Həmçinin çıxışlar zamanı bu təhsil ocağının yetirməsi, Aprel döyüşlərində qəhrəməncasına şəhid olmuş, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilən Samir Kaçayev xatırlandı. “Humanitar və ictimai fənlər” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə çıxışı zamanı vətən uğrunda canından keçən şəhidlərə, onların ana-atalarına, övladlarına, gözü yaşlı yoldaşlarına hər zaman vəfa borcumuzun olduğunu bildirdi.
Sonda Azərbaycan əsgərinin 44 gün ərzində apardığı haqq savaşından bəhs edən videoçarx mərasim iştirakçılarına nümayiş olundu.
Comments are closed