Bu gün 15 noyabr tarixində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə, ADRA-nın IV kurs tələbəsi Mələk Rəhimlinin “Hərkəsin görmədiyi işıqlar” adlı ilk fərdi foto sərgisi nümayiş olunub.
Sərgidə rəssam-fotoqrafın Yaponiya, İspaniya, Fransa, Azərbaycan və digər ölkələrdə çəkmiş olduğu 45 fotosu yer alıb. Sərginin keçirilməsində əsas məqsəd fotoqrafın dünyanın bir çox ölkəsində gördüyü oxşar insan həyatları və işıq-kölgə nisbətini tamaşaçıya çatdırmaqdan ibarətdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn və memarlıq” fakultəsinin qrafik-dizayn ixtisasında təhsil alan rəssam-fotoqraf Mələk Rəhimli bugünədək Azərbaycan və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısı və laureatı olmuşdur.
Qeyd edək ki, Azərbaycanda gəncliyin inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi ölkə siyasətinin prioritetlərindən olduğu kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi də daima bu istiqamətdə tələbələrin inkişafı üçün yaradıcı platforma yaradır.
Sərgi ADRA Muzey-Sərgi kompleksində noyabrın 17-dək davam edəcəkdir.
Comments are closed