19 Yanvar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Anım tədbirində çıxış edən ADRA-nın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 34 il ötsə də, xalqımız bu faciəni hələ də unutmur, əksinə, azadlığa gedən bu yolda göstərilən hünərlə fəxr edir. Həmin hadisələrin tariximizə suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzi kimi daxil olduğunu bildirdi.

ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov öz növbəsində çıxış edərək, 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşdü. Hələ o zamanlar Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin göstərdiyi vətənpərvərlik şücaətindən danışdı. Həmin qanlı faciəni əbədiləşdirmək üçün Mikayıl Abdullayevin, Nadir Əbdürrəhmanovun, Kamil Nəcəfzadənin və həmin dövrün gənc rəssamlarının əsərlərinin bu mövzuda müəyyən əhəmiyyət kəsb etdiyini bildirdi. Ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi.

“Humanitar və ictimai fənlər” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə çıxış edərək 20 Yanvar hadisələrinin XX əsr Azərbaycan tarixinin araşdırılması üçün vacib olduğunu bildirdi. Həmin günün həm qəhrəmanlıq, həm də faciəni özündə ehtiva etdiyini bildirdi. R.Qafarzadə bu tarixin Milli şüurumuzun oyanış dövrü adlandıraraq, 20 Yanvarın bizim üçün fenomen tarix olduğunu vurğuladı.

Tags

Comments are closed