31 Yanvar 2024-cü il tarixində “Bir millət, iki dövlət” sərgisinin təşkilatçıları, ADRA-nın fəxri doktoru Ahmet Kabakçı və Dilya Kabakçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olublar.
Təhsil ocağında keçirilən görüşdə Xalq rəssamı, professor Natiq Əliyev, Xalq rəssamı, professor Səlhab Məmmədov, Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, Hüquq-inzibati və təşkilati məsələlər üzrə rektorun müşaviri Natiq Cəlilov qonaqları qarşılayıblar.
Görüş əsnasında Ahmet Kabakçı “Bir millət, iki dövlət” sərgisinin kataloqunun ilk nümunəsini rektor Natiq Əliyevə təqdim edib.
Natiq Əliyev öz növbəsində bu sərginin yüksək şəkildə təşkilinə və kataloqun nəfis tərtibatına görə Ahmet Kabakçı və Dilya Kabakçıya təşəkkürünü bildirib.
Xatırladaq ki, 15 dekabr 2023-cü ildə İstanbulda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılmışdır.
İstanbulun “Artfactory” sənət qalereyasında təşkil olunan sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin digər dövlət qurumlarının dəstəyi ilə baş tutub.
Qeyd edək ki, “Bir millət, iki dövlət” sərgisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Türkiyə Cümhuriyyətində keçirilən ilk sərgisidir.
Sərgi 17 fevral tarixinədək İstanbul şəhərində ARTFACTORY (OSB,1.Cadde No 14 Yukarı Dudullu 34776 Ümraniye, İstanbul ünvanlı) qalereyasında davam edir.
Comments are closed