Bugün görkəmli sənətkar, dahi heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru akademik Ömər Eldarovun 95 yaşı tamam oldu. Akademik həyatının 70 ildən çoxunu heykəltəraşlıq sənətinə həsr edib. Yaratadığı əsərlərin arasında Ulu Öndər Heydər Əliyevin, görkəmli alim, həkim- oftalmoloq Zərifə Əliyevanın qəbirüstü abidələri, xan qızı Natəvanın heykəli, həmmüəllif olduğu Füzulinin heykəli xüsusi yer tutur. Ömər Eldarovun imza atdığı neçə-neçə heykəltəraşlıq sənətinin inciləri dünyanın bir çox ölkələrində ucaldılıb. Görkəmli heykəltəraşın yaradıcılığında xalqımızın fəlsəfi fikri, yaradıcı təfəkkürü ən yüksək səviyyədə ifadə edilib. Akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementləri əksini tapır. Onun əsərlərinin ölkəmizin hüdudlarından kənarlarda uğur qazanması Ömər Eldarov sənətinin milliliklə yanaşı, bəşəriliyini, geniş məkanda və bütün zamanlarda qəbul olunduğunu bir daha təsdiqləyir. Ömər Eldarovun 95 illiyinə həsr olunmuş fərdi sərgisinin açılışı 21 dekabr 2022-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində yerləşən Muzey-Sərgi Kompleksində baş tutub. Tədbirdə akademiyanın rəhbər, professor-müəllim heyəti ilə yanaşı akademiyanın kollektivi və dəvət olunmuş qonaqlar iştirak etdi.

Tags

Comments are closed