Bu ilin dekabr ayında Daşkənddə (Özbəkistan) keçirilən MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində “Birlik ulduzları” illik dövlətlərarası mükafatının və “Debütlər Birliyi” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.
Mükafatları Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və Azərbaycanın Rusiyadakı səfiri, Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu təqdim ediblər. Qaliblərə diplom, fəxri nişan və sertifikat təqdim edilib.
“Birlik ulduzları” dövlətlərarası mükafatının laureatlarından biri də V.İ.Muxin adına Ali Rəssamlıq Məktəbinin Memarlıq və dekorativ plastika kafedrasının məzunu, Azərbaycanın Xalq rəssamı, 40 ilə yaxın təcrübəsi olan müəllim, professor, SSRİ Rəssamlar İttifaqının üzvü (1986), Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bədii şurasının sədri, “Şöhrət” ordeninin və “Fəxri Qızıl ordeninin“(incəsənət sahəsində xidmətlərinə görə Avstriya Respublikasının 1-ci dərəcəli fəxri cəngavər ordeni) sahibi Natiq Əliyev olub.
“Birlik Ulduzları” dövlətlərarası mükafatı təşkilatın humanitar sahədə ən yüksək nailiyyətlərə görə təqdim olunan əsas mükafatdır. Mükafat MDB-nin Humanitar Əməkdaşlıq Şurası və MDB iştirakçısı olan Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən 21 may 2009-cu ildə təsis edilib.
Comments are closed