20 Yanvar hadisələrindən 33 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
20 Yanvar təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

#20yanvar1990 #20january1990 #BlackJanuary #ADRA #AzərbaycanDövlətRəssamlıqAkademiyası #AzerbaijanAcademyOfFineArts

Tags

Comments are closed