Görüş zamanı ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev cənab Semyon Mixaylovskini müəllim heyyəti ilə tanış etdi. ADRA-nın rektoru çıxışı zamanı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rusiya rəssamlıq məktəbini uğurla bitirmiş rəssamlar çalışır.

İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının rektoru Semyon İliç Mixaylovski öz növbəsində çıxış edərək isti qarşılanmaya görə rektora və müəllim heyyətinə təşəkkürünü bildirdi, xoş sözlərini çatdırdı. Burada çalışan rəssamlarla xatirələrini bölüşdü.

Daha sonra Xalq rəssamı, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru professor Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Fuad Salayev, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək iki ali təhsil müəssisəsi arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi apardılar.

Bu isti görüş əsnasında rektorlar Natiq Əliyev və Semyon İliç Mixaylovski Xalq rəssamı, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru professor Fuad Salayevi 80 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzuladılar.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyası arasında əməkdaşlıq qarşılıqlı yaradıcılıq mübadiləsi, tələbə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və digər məsələləri əhatə edir.

Tags

Comments are closed