Bugün Xalq rəssamı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Rusiya Bədaye Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Fuad Salayevin doğum günüdür.
Fuad Salayev 24 sentyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini bitirdikdən sonra 1965-1971-ci illərdə Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.
1982-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
1962-ci ildən başlayaraq Respublika və xarici ölkələrdə təşkil olunmuş sərgilərdə iştirak edir. Tanınmış sənətkara heykəltəraşlıq nümunələrinə görə dövlət mükafatları verilmişdir.
1975-ci ildə “Azərbaycan Komsomolu” mükafatına, 1976-cı ildə “Zəhmətkeş qadın” və “Analıq” əsərlərinə görə SSRİ Rəssamlıq Akademiyasının diplomuna,
1988-ci ildə “Şair Xətai” heykəlinə görə bürünc medala layiq görülmüşdür.
Fuad Salayev yaratdığı dəyərli əsərlərinə görə 1992-ci ildə Paris, 1993-cü ildə Tokio şəhərində keçirilən XVII Ümumdünya rəssamlarının sərgisində nümayiş olunan “Son. Cənnət qapısı” adlı əsərinə görə Beynəlxalq diplom almışdır.
1994-cü ildə İtaliya Beynəlxalq müsabiqəsinin diplomuna layiq görülmüşdür.
1992-ci ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
1997-ci ildə Rəssamlar İttifaqının «Ən yaxşı heykəltəraşlıq işlərinə görə» Soltan Məhəmməd adına mükafatına layiq görülmüşdür.
1999-cu il Azərbaycan Dövlət İncəsənət muzeyində, 2000-ci ildə isə Londonda fərdi sərgisi təşkil olunmuşdur.
2002-ci ildə isə Xalq rəssamı fəxri adına, 2003-cü ildə professor elmi adına layiq görülmüşdür.
Uzun illər F. Salayev Azərbaycan Rəssamlar İttifaqı Rəyasət heyətinin məsul katibi vəzifəsində çalışmışdır.
2009-cu ildə Rusiya Bədaye Akademiyasının fəxri akademiki seçilmişdir.
F.Salayevin ilk monumental əsəri 1972-ci ildə Bakıda qoyulmuş Sergey Yeseninin abidəsidir.
2006-cı ildə “Üns” teatrının qarşısında “Birinci səhnə” (Adəm və Həvva), “Aktyor”, “Dahilik iddiası” 2008-ci ildə Muzey Mərkəzinin qarşısında “Səyyah”; 2011-ci ildə “Qalib”, 2012-ci ildə “Torpağın nəfəsi”, 2013-cü ildə İncəsənət Muzeyinin qarşısında “Akrobatik konstruksiya” və s. əsərləri qoyulmuşdur.
2012-ci ildə heykəltəraşın, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş heykəli qoyulmuşdur.
Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə 2013-cü il 21 sentyabr tarixində Fuad Məmməd-Emin oğlu Salayev “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Akademiya təsis olunduğu – 2000-ci ildən hazırkı dövrə qədər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Elm və yaradıcılıq işləri üzrə prorektor, «Heykəltəraşlıq» kafedrasında isə professor vəzifəsində çalışır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi görkəmli sənətkar Fuad Salayevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayır.

Tags

Comments are closed