YAP Nərimanov rayon təşkilatı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılğı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.
Görüşdə ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, ADRA-nın Ümumi İşlər üzrə prorektoru Hacı Mail-zadə, İnzibati Təsərrüfat İşləri üzrə prorektoru Elmira Səmədova, YAP Nərimanov rayon təşkilatı sədr müavini Anar Abbasov, YAP Nərimanov rayon təşkilatı məsləhətçisi Vüsal Əliyev, Ərazi Partiya Təşkilatının sədri, Mülki Müdafiə şöbəsinin rəisi Əhməd Panayev və partiya fəalları iştirak edib. Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Rektor Natiq Əliyev Ümummilli Liderin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasının bu gün Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirildiyini söyləyib. O bildirib ki, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik təfəkkürünün nəticəsi olaraq bu gün Azərbaycan xalqı bütöv, müstəqil və güclü Azərbaycanın vətəndaşlarıdır.
Görüşdə digər çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Akademiyanın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, Ərazi Partiya Təşkilatının sədri-Mülki Müdafiə şöbəsinin rəisi Əhməd Pənayev və Akademiyanın əməkdaşı Ülviyyə Əliyeva ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu söyləyiblər. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli artıq bütün dünya üçün nümunədir.
Görüşdə həll olunan ikinci məsələ partiyanın fəal üzvü Ülviyyə Əliyevanın Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Yeni Azərbaycan Partiyası ərazi təşkilat sədr müavini vəzifəsinə seçilməsi olub.
Comments are closed