Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin təşəbbüsü ilə 2023-cü il 25 noyabrda Akademiyanın sərgi salonunda “Zəfər” I respublika uşaq və yeniyetmələrin yaradıcılığı festivalının açılış mərasimi keçirildi.
Festivalda ölkənin bir sıra rəsm studiyalarında təhsil alan uşaqlar və yeniyetmələr iştirak edirlər. İştirakçıların əsərləri Azərbaycan xalqının Vətən Müharibəsində öz doğma torpaqlarının azad edilməsi uğrunda qazandığı qələbəyə, suveren Azərbaycanın tərkib hissəsi kimi müstəqilliyini bərpa etmiş ərazilərin bərpasına və dirçəlişinə həsr olunub.
Festival Azərbaycan himninin səslənməsi ilə başladı. Daha sonra 44 günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx nümaiş olundu.
Festivalda bütün studiyalar adından rəssam Esmeralda Tağızadə çıxış edərək yaratdığı şəraitə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirdi. Bu kimi sərgilərin iştirakçıların həyatında xoş izlər qoymaqla yanaşı, Vətənə olan sevgilərini tərənnüm etmək üçün bir vasitə olduğunu vurğuladı.
Festival çərçivəsində Azərbaycanın 44 günlükVətən müharibəsindən bəhs edən Azərbaycan Telefilm yaradıcılıq birliyi tərəfindən çəkilmiş “Kətan, Vətən” adlı sənədli film nümayiş olundu. Xatırladaq ki, Filmdə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovun döyüş xatirələrindən, müharibəyə insani və yaradıcı münasibətlərindən bəhs olunur. Sərgi iştirakçıları maraqla filmi izlədilər.
İkinci Qarabağ müharibəsi iştirakçısı, ADRA-nın heykəltəraşlıq fakültəsinin tələbəsi Həmçinin Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin fəal iştirakçısı olan, müharibədə iştirakına görə bir sıra medallarla təltif olunan Cavidan Rəhmətov uşaqlarla görüşdə heykəltaraşlıq üzrə ustad dərsi keçdi. Onlarla heykəltəraşlıq sənətinin sirlərini bölüşdü. Festivalın mövzusuna uyğun olaraq əsgər obrazı yaratdı.
Daha sonra sərgilənən rəsmlərə baxış oldu. Ümumilikdə sərgidə 5 yaşdan 16 yaşa qədər 130 iştirakçının 150-yə yaxın işi təqdim olunub. Onların rəsmlərində sevinc, ruh yüksəkliyi və gələcəyə inam əks olunub. Azərbaycanın çiçəklənən həyatını, uşaqların, böyüklərin şən simalarının təsvirini görürük.
Festival çərçivəsində 4 ustad dərsi - heykəltaraşlıq, dekorativ-tətbiqi sənət, poster sənəti və face-art təşkil olundu.
Sərginin sonunda 6 hissədən ibarət uşaqların çəkdiyi rəsm Azərbaycan bayrağı və Qarabağın simvolu-Xarıbülbül olan rəsm birləşdirilərək festivalın afişasına çevrildi.
Qeyd edək ki, Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində ilk dəfə baş tutan “Zəfər” I respublika uşaq və gənclər yaradıcılığı festivalı bu ildən etibarən ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulub.
Sərgi 27 noyabr tarixinədək davam edəcəkdir.
Comments are closed