Tədbirdən öncə ADRA-nın rəhbərliyi akademiyanın foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoydular. Sonra anım tədbiri ADRA Konfrans zalında davam edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan incəsənətinə verdiyi misilsiz töhfədən, xilaskarlıq missiyasından danışıb. Ümummilli Liderin hər sahəyə olduğu kimi təhsil və mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs edən rektor Natiq Əliyev bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Bu il “Heydər Əliyev ili” çərçivəsində ADRA-da keçirilən sisilə tədbirlərə ümümi nəzər salan rektor, bunun davamı olaraq dekabrın 15-də Türkiyənin İstanbul şəhərində Ümummilli Liderə həsr olunmuş “Bir millət, iki dövlət” sərgisinin açılacağını tədbir iştirakçılarına bildirib.
ADRA-nın Humanitar və İctimai fənlər kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktor, dosent Rima Qafarzadə, ADRA-nın “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rayihə Məmmədli, ADRA-nın Humanitar və İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı və dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətlərindən, həyata keçirdiyi layihələrdən, mədəniyyətimizin inkişafındakı xidmətlərindən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən bəhs ediblər.

Anım tədbirinin sonunda Ulu öndər Heydər Əliyevə həsr olunmuş video sujet izlənilib.

Tags

Comments are closed