Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.
Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur.
Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib.

Tags

Comments are closed