Bu gün SSRİ və Azərbaycan SSR xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq mükafatın, Azərbaycan SSR dövlət mükafatının laureatı, professor Mikayıl Abdullayevin doğum günüdür.

Mikayıl Abdullayev 1921-ci ildə Bakıda doğulub. 1939-cu ildə Ə. Əzimzadə adına Azərbaycan rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirib, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənib.

Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun «Mingəçevir işıqları», «Xaçmaz qızları», «Astarada çay yığımı», «Azərbaycan çöllərində» triptixində, «Çəltik əkən qızlar» əsərində daha aydın görünür. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.

Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Lenin ordeni və Oktyabr İnqilabı ordeni ilə təltif olunub.

Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib.

Tags

Comments are closed