18-19 dekabr 2023-cü il tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçirildi.

“Təsviri sənət və müasir çağırışlar” adlı ilk panel sessiyada təsviri sənət sahəsində təhsil mövzusu üzrə danışan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev bu istiqamətdə görülən işlər, ali təhsil ocağı olaraq tələbə rəssamlara yaradılan şərait, müştərək sərgi və müsabiqələr barədə məlumat verib. Natiq Əliyev çıxışı zamanı bildirib ki, uşaqlara kiçik yaşlarından, hətta uşaq bağçalarında, məktəblərdə, dərnəklərdə, kolleclərdə təsviri sənətlə bağlı bilgilər verilməlidir. Sonrakı mərhələlərdə bu zəncirin qırılmamasına diqqət yetirilməlidir. Rektor rəssamlıq təhsilində magistratura pilləsində müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: “Son illər tələbələr daha çox interyer-dizayn ixtisasını seçirlər. Təəssüf ki, klassik ixtisaslara maraq azalır. Buna görə də klassik ixtisaslara maraq artırmaq üçün təbliğat xarakterli işlər aparırıq”.

“Təsviri sənət və müasir çağırışlar” adlı paneldə Xalq rəssamı, heykəltaraş Hüseyn Haqverdiyevin, Xalq rəssamı Eldar Mikayılzadənin, rəssam Anar Hüseynzadənin də çıxışları dinlənilib.

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Tags

Comments are closed