Oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans öz işinə başlayıb. İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb. Tədbirin təşkilində əsas məqsəd türk dünyasında muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq və yeni layihələri müzakirə etməkdir.

Konfransda Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova “Gəncə-Qazax tipinə aid Qazax xalçalarının atribusiya problemi” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov öz növbəsində “Xalça sənəti ədəbi janrlarda” mövzusunda konfransda məruzə edib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 11-14 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində “II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində keçirilib.

Tags

Comments are closed