Nizaminin “Xəmsə”si — “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemaları dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Portretin çəkilişinə Qəzənfər Xalıqovu öz məsləhətləri ilə Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir. Əsərin müsabiqənin birinci mərhələsində iştirak etməməsinə baxmayaraq, 1940-cı ildə keçirilən ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş əsərlər arasında seçilərək, birinciliyə layiq görülmüşdür.
Bu portretin yaranma tarixindən illər ötsə də çağdaş dövrün rəssamları Nizami obrazı yaradarkən həmin əsərdən bəhrələnməkdədirlər.
Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Bu baxımdandır ki, Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olmaqla yanaşı rəssamların da əsərlərinin azərbaycançılıq məfkurəsi obrazında yer alır.
Comments are closed