Bu gün, 3 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində Zəfər gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur!” adlı elmi konfrans və sərgi keçirildi.
Elmi konfrans və sərgini açılış nitqi ilə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev etdi. O, çıxışı zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Noyabrın 8-də, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyat olmuşdur. Bu hərbi uğurdan sonra Ermənistanın öz məğlubiyyətini elan etməsi və kaputilyasiyası ilə nəticələnmişdir. Natiq Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 noyabr ölkəmizdə “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmasını konfrans iştirakçılarına bir daha xatırlatdı.
Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının professoru Ziyadxan Əliyev “44 günlük Zəfərin bədii təcəssümü” adlı mühazirədə çıxış edərək bildirdi ki, hər bir rəssam öz dövrünün iştirakçısıdır. Ona görə müharibə iştirakçısı olan rəssamlarımız öz əsərlərində müharibəni dolğun şəkildə ifadə edə bilmişdirlər.
Tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Sevinc Vahabova “Zəfərimiz əbədi və tarixi qələbəmizdir” adlı mühazirəsində çıxış edərək bildirdi ki, bu günləri Qarabağda qeyd edəcəyimizi hər zaman arzulayardıq. Lakin 28 ildən sonra bu müharibənin iştirakçıları bizə bu qələbəni yaşatdılar.
Sərgidə 44 günlük Vətən Müharibəsində iştirak etmiş ADRA-nın müəllimi, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Fəxri Musazadənin, ADRA-nın məzunları — “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Cavidan Rəhmətovun, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Fərid Məmmədovun müharibəni əks etdirən yaradıcılıq əsərləri nümayiş olundu. Sərgidə ADRA-nın məzunu, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «İgidliyə görə» medalı ilə təltif edilmiş şəhid Samir Kaçayevin əsərləri də sərgidə yer almışdır.
Həmçinin, elmi konfransda Zəfərə həsr olunmuş video çarx və “Kətan, Vətən” adlı sənədli film də nümayiş olundu. Qeyd edək ki, “Kətan, Vətən” adlı sənədli film Azərbaycan Telefilm yaradıcılıq birliyi tərəfindən çəkilmişdir. Filmdə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları olmuş dörd rəssamın – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovun döyüş xatirələrindən, müharibəyə insani və yaradıcı münasibətlərindən bəhs olunur.
O cümlədən filmin sonunda dörd rəssamın birgə təsvir etdikləri 6 metrlik kətan üzərində “Zəfərə gedən yol” adlı panno nümayiş olundu. Sənədli filmin ssenarist-rejissoru Rövşən Nicat, layihə rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmovdur.
“Zəfərimiz qürurumuzdur!” adlı elmi konfrans və sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksinin II mərtəbəsində 7 noyabr tarixinədək davam edəcəkdir.
Comments are closed