4 dekabr Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Memar Ramiz Hüseynovun memarlıq təhlili” adlı seminar keçirildi.
Seminarda çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev “Heydər Əliyev ili” çərçivəsində ADRA-da silsilə tədbirlərin keçirildiyini bildirdi. Bu tədbirin də həmin silsilədən olduğunu xüsusi vurğuladı. Rektor çıxışı zamanı bildirdi ki, zaman-zaman bu cür tədbirlərin keçirilməsi tələbə gənclərin rəssamların yaradıcılığı ilə yaxından tanış olmasına bilavasitə imkan yaradır.
Seminarda həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru Fuad Salayev, ADRA-nın “Memarlıq” kafedrasının müdiri Gülər Məmmədova, ADRA-nın “Memarlıq” kafedrasının baş müəllimi Malik Babayev, Xalq rəssamı Xanlar Əhmədov, Əməkdar rəssam Şərif Şərifov, Xalq rəssamı Hüseyn Haqverdiyev bu görüşün həm müəllimlər, həm də tələbələr üçün böyük əhəmiyyətini vurğuladılar.
Tədbirin sonunda memar Ramiz Hüseynov ilk növbədə iştirakçılara təşəkkürünü bildirdi. Gənclik dövründən bu günədək hazırladığı memarlıq layihələri ilə tədbir iştirakçılarını tanış etdi, yaradıcılıq xatirələrini bölüşdü.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı. Memar Ramiz Hüseynovla mövzu ətrafında maraqlı müzakirələr və fikir mübadiləsi aparıldı.
Comments are closed