27 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində növbəti tədbir planına müvafiq olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Bədii toxuculuq və xalça sənəti» kafedrasının professor-müəllim heyətinin və tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi keçirildi.

Sərgini giriş sözü ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin qorunması, tərəqqisi və təbliğində göstərdiyi xüsusi xidmətləri vurğulayan rektor bu ənənənin bu gün də ADRA-da uğurla davam etdiyini xüsusi qeyd etdi. Belə sərgilərin tələbələrin yaradıcılığında xüsusi rolunu vurğuladı. Rektor çıxışı zamanı əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Sərgi münasibətilə iştirakçıları təbrik etdi.

«Bədii toxuculuq və xalça sənəti» kafedrasının müdiri Əməkdar rəssam, professor Ədhəm Yusubov çıxış edərək tələbə-müəllim birliyindən ərsəyə gələn sərginin məsulliyyətini vurğulayıb, sanki bir hesabat sərgisi olduğunu dilə gətirdi.

ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev öz növbəsində professor-müəllim heyətinin və tələbələrin əməyini yüksək qiymətləndirərək bu işlərin dəyərini xüsusi vurğuladı.

“Akademik rəngkarlıq və kompozisiya” kafedrasının professoru, Xalq rəssamı Cəlil Hüseynov çıxışında «Bədii toxuculuq və xalça sənəti» kafedrasının hər zaman yüksək işlər ortaya qoyduğunu və burada Ədhəm Yusubovun əməyini xüsusi qeyd etdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin birbaşa əməyinin olduğunu bildirən «Bədii toxuculuq və xalça sənəti» kafedrasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış edərək bu sərginin Ümummilli Liderə ithaf olunmasının əhəmiyyətini xüsusi vurğuladı.

Ümumilikdə sərgidə ADRA-nın tələbə və müəllimlərinin 25-ə yaxın toxuculuq əsəri nümayiş olunub.

Tags

Comments are closed